AZE
Mehriban Əliyeva
Mehriban Əliyeva
Azərbaycan Gimnastika Federasiyasının Prezidenti
Azərbaycan Gimnastika Federasiyasının rəsmi internet saytına xoş gəlmişsiniz. Bu sayt sanki gimnastika dünyasına daxil olan virtual qapıdır.

Hər bir idman növü özlüyündə gözəldir. Lakin gimnastika ahəngdarlığı, cəlbediciliyi və özünəməxsus gözəlliyi ilə digər idman növlərindən fərqlənir. Gimnastikanın tarixi minillikləri əhatə edir. Hələ antik dövrlərdə ilk Olimpiya oyunlarının iştirakçıları yarışlara hazırlaşmaq üçün gimnastika hərəkətlərindən istifadə edirdilər. Gimnastikanın əsas elementləri isə, XIX əsrdə müasir idmanın yaranması ilə meydana gəlmişdir. Bu gün gimnastika inkişaf etməkdə və təkmilləşməkdə davam edir. Hər bir çempionatda və hər bir növbəti yarışda yeni çempionlar meydana çıxır, bədii gimnastikanın yeni əfsanələri yaranır.

Müasir Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə həm yüksək nailiyyətlər idmanı, həm də kütləvi idman növləri məşhurdur. İdmana və Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan idmançıları müntəzəm olaraq ən nüfuzlu beynəlxalq yarışlarda iştirak edirlər. Olimpiya oyunlarında qazandığımız medalların sayı artır. Ölkəmiz müntəzəm olaraq mötəbər beynəlxalq yarışları təşkil edir. Tarixdə birinci Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsinə beynəlxalq idman ictimaiyyəti tərəfindən etimad göstərilib. Bu ölkəmiz üçün böyük şərəf, Azərbaycanın uğurlarının tanınması, idman və onun infrastrukturunun inkişafına göstərilən diqqət və qayğının göstəricisidir.

Bu gün gimnastika Azərbaycanda həqiqətən sevimli və məşhur idman növlərindən birinə çevrilib. Gimnastlarımız mühüm yarışlarda digər ölkə idmançılarına rəqib olmaqla layiqli mübarizə aparır və fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olurlar. Azərbaycanın özünəməxsus məşqçilik ənənələri formalaşır. Hələ yaxın keçmişdə Azərbaycan gimnastları toplanışlar üçün xaricə gedirdilərsə, bu gün digər ölkələrin idmançıları məşq toplanışları üçün ölkəmizə gəlirlər. Azərbaycan müntəzəm olaraq gimnastika üzrə Avropa və dünya çempionatlarına ev sahibliyi edir. Bu gün Azərbaycan gimnastika məktəbi dünya idman birliyi tərəfindən tanınır. Ölkəmizdə gimnastikanın müxtəlif növləri - bədii gimnastika, kişi və qadın idman gimnastikası, aerobik və akrobatik gimnastika, tambliq və batut inkişaf edir. Azərbaycanın müxtəlif regionlarında gimnastika klubları və bölmələri fəaliyyət göstərir. Müntəzəm olaraq bölgələrarası kubok yarışları təşkil olunur. Bütün bunlar Azərbaycan gimnastika coğrafiyasının geniş yayılmasının gözəl sübutudur.

Qazanılan nailiyyətlərin arxasında bir çox insanların böyük əməyi olmuşdur. Bu gün bizim federasiya möhtəşəm beynəlxalq yarışlarının, Avropa və dünya çempionatlarının keçirilməsi, dünya idmanında Azərbaycanın layiqli təmsil olunması üçün texniki və təşkilati vəzifələri yerinə yetirməyi bacaran peşəkar mütəxəssislərdən ibarət bir komandadır. Bədii gimnastika üzrə otuzuncu yubiley Avropa çempionatı 2014-cü ilin iyununda Bakının yeni memarlıq möcüzələrindən biri kimi tanınan Milli Gimnastika Arenasında keçirildi. Bu arena çoxfunksiyalı, ən yüksək standartlara cavab verən müasir idman kompleksidir.

İdmanda uğurların qazanılması bir çox amillərdən - istedad, böyük əmək, peşəkarlıq, həm də iradədən asılıdır. Bundan başqa idmanda özünə və komandaya inam lazımdır. Biz əminik ki, Azərbaycan gimnastikasının qarşıda bir çox qələbələri və nailiyyətləri olacaq. Gimnastika bu sahədə böyük potensiala malikdir və onun inkişafı üçün Azərbaycanda hər cür şərait yaradılıb. Ən başlıcası isə, dostlar, Azərbaycan gimnastika məktəbinin sizin kimi yetirmələri və azarkeşləri var. Sizin sayənizdə gimnastika ölkəmizdə sevimli idman növlərindən birinə çevrilib və mən inanıram ki, qazanılan uğurlar davamlı olacaqdır.

İdmanı, gücü, gözəlliyi və harmoniyanı birləşdirən gimnastika dünyasına xoş gəlmişsiniz.