AZE

Müsahibə

Arxiv

Qızıl mükafatçı: Bakıda keçirilən Dünya Kubokunda rəqabət çox yüksək olub

18 mart, 2017

Bakıda keçirilən Dünya Kubokunda rəqabət çox yüksək olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə yarışların qızıl mükafatçısı, Özbəkistan nümayəndəsi Oksana Çusovitina deyib.

O, öz çıxışından razı qaldığını deyib: “Rəqabət yüksək idi, ona görə də mən qələbəyə sevinirəm. Mən bu hərəkəti xüsusilə Dünya Kuboku üçün saxlayırdım. Bu dəfə mən mürəkkəb tullanışlarımı nümayiş etdirmədim, ona görə nəticə uğurlu alındı”.

O.Çusovitina qeyd edib ki, qaydalarda baş verən dəyişikliklərlə əlaqədar Dünya Kubokunda idmançılar faktiki olaraq yeni proqramlarla çıxış ediblər: “Yeni Olimpiya dövründə yeni qaydalarla əlaqədar hər idmançı düzgün proqramla çıxış edib-etmədiyini yoxlayır. Ola bilər ki, burada hamı çətin proqramla çıxış etməyib. Amma rəqiblərin sayı çox idi və rəqabət yüksək idi. Ona görə çıxış etmək və medal uğrunda mübarizə aparmaq çox maraqlı idi”.

İdmançı qeyd edib ki, yaxın zamanlarda karyerasını başa vurmağı planlaşdırmır və karyerasında səkkizinci olacaq Olimpiya oyunlarında çıxış etməyi planlaşdırır: “Bu yarışlar mənim üçün Monrealda keçiriləcək Dünya çempionatı üçün hazırlıqdır. Sonra isə 2020-ci ildə mən yenidən Bakıya gələcəyəm və o turnir Olimpiya oyunları üçün hazılıq məqsədi daşıyacaq”.

“Trend” İnformasiya Agentliyi, 18 mart 2017-ci il