AZE

Müsahibə

Arxiv

Rusiyalı idmançı: Bakı batut gimnastikası üzrə yarışlara daha çox tamaşaçının cəlb olunması üçün hər şeyi edir

17 fevral, 2017

"Azərbaycan batut gimnastikası üzrə yarışlara daha çox tamaşaçının cəlb olunması üçün hər şeyi edir", bunu Trend-ə rusiyalı batutçu, Olimpiya oyunlarının gümüş mükafatçısı Dmitri Uşakov deyib.

Onun sözlərinə görə, gimnastlar hələlik yarışların təşkilatçılığını qiymətləndirə bilməyib, çünki buraya təzə gəliblər: “Amma Bakının artıq böyük təcrübəsi var: ötən il burada Dünya kuboku keçirilib, iki il əvvəl Avropa oyunları. Ona görə mən fikirləşirəm ki, yarışın təşkilatçılığı ilə bağlı narazılıqlar ola bilməz. Fikrimcə, hər şey yaxşı olacaq”.

Milli Gimnastika Arenasının tərtibatı barədə danışan gimnast işıqlandırmanı xüsusi dəyərləndirib: “Zaldakı işıqlandırma başlıca sürprizdir. Biz gözləmirdik ki, Dünya kuboku bu formatda keçiriləcək. Bu şərtlərdə tullanmaq hamı üçün rahat deyil, xüsusilə də bu cür işıq altında iştirak etməmiş gənclər üçün. Mənim artıq təcrübəm var. Mən ötən il də, ondan əvvəl də bu şərtlərdə iştirak etmişəm. Məşqlərdə məndə hər şey alınıb. Bu, tamaşaçılar üçün gözəl və maraqlı görünür. Onların marağını bu idman növünə cəlb etmək lazımdır”.

“Trend” İnformasiya Agentliyi, 17 fevral 2017-ci il