AZE

Müsahibə

Arxiv

Sinqapur nümayəndə heyətinin rəhbəri: “Təlim-məşq toplanışı məqsədilə məhz Bakını seçdiyimiz üçün heç də təəssüf etmirik”

28 noyabr, 2016

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Milli Gimnastika Arenasında (MGA) bu günlərdə təlim-məşq toplanışında iştirak etmək məqsədilə ilk dəfə Azərbaycana təşrif buyurmuş bədii gimnastika üzrə Sinqapur yığma komandasının üzvləri ilə həmsöhbət oldu. Nümayəndə heyətinin rəhbəri Patrik Ho və meneceri Serena Vonq Su Han Azərbaycan və MGA-da yaradılmış şərait haqqında öz təəssüratlarını bölüşdülər. “Bu bizim Azərbaycana ilk səfərimizdir. Arenanın infrastrukturu çox gözəldir. Belə bir bina ilə qarşılaşacağımızı gözləmirdik. Təlim-məşq toplanışı məqsədilə məhz Bakını seçdiyimiz üçün heç də təəssüf etmirik”.

Arenadakı şəraitin yüksək səviyyəli yarışlar keçirmək üçün əlverişli olduğunu qeyd edən qonaqlar, gimnastlar üçün yaradılmış mühitdən də çox razı qaldıqlarını bildiriblər.

“Biz Bakıya - təlim-məşq toplanışına 13 gimnastla qatılmışıq.  Qarşıda bizi hər iki ildən bir keçirilən Cənub-şərqi Asiya Oyunları yarışları gözləyir. Ötən yarışlarda komandamız qızıl medal qazanmışdı, bu dəfə də qalibiyyətimizi təkrarlamaq istəyirik”, deyə Patrik Ho bildirib. Yığma komandalarının ilk dəfə təlim-məşq toplanışında iştirak etdiyini qeyd edən Patrik, gələcəkdə yenidən Azərbaycanda təlimlərə qatılmaq istəyini vurğulayıb.

Sinqapur yığma komandasının məşqçisi Nataliya Rıbak da öz müsahibəsində buradakı şəraitdən məmnunluğunu ifadə edib.

1. Bu sizin Azərbaycana ilk səfərinizdir? Təəssüratlarınız necədir?

Bəli, ilk dəfədir bu ölkədəyəm. Bura mənim çox xoşuma gəldi. Hələ ki yalnız zalda olmuşuq. Buradakı şərait, abu-hava məndə böyük təəssürat oyatdı.

2. Bura gəlməzdən öncə ölkəmizdə gimnastikanın inkişafı haqda məlumatınız var idimi?

Mən artıq 35 ildir ki, professional məşqçiyəm və əvvəllər gimnast olmuşam. Buna görə də bədii gimnastikanı çox izləyirəm. Azərbaycan gimnastlarının çıxışlarını hər zaman bəyənmişəm. Bundan başqa, buradakı iş sistemini, gimnastların yarışlara hazırlanma tərzini bəyənirəm. Turnirlər zamanı Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasilevanın necə istedadlı insan olduğunu, öz işinə necə yanaşdığını  müşahidə edirəm. Ümumiyyətlə, Azərbaycanda bədii gimnastikaya diqqət böyükdür. Məhz buna görə də, biz təlim-məşq toplanışı üçün buranı seçmişik. Ümid edirəm ki, həm gimnastlarım, həm də özüm yeni şeylər öyrənəcəyik.   

3. Arena haqda nələr düşünürsünüz?

Arena haqqında çox gözəl şeylər düşünürəm. Zalda hər şey rahatdır, infrastruktur, zal, mehmanxana, xüsusilə burada çalışan insanları bəyəndim. Əlbəttə, gördüklərim məni təəccübləndirmədi, lakin bu qədər yaxşı olacağını gözləmirdim. Mən bu zalda artıq ikinci gündür ki, öz gimnastlarımla işləyirəm. Mənə Mariana Vasileva və Natalya Bulanova köməklik göstərir. Görürəm ki, gimnastlarınız çox çalışqandır. Onlarla məşğul olan məşqçilər, xoreoqraflar nümunəvi iş görürlər. Burada bütün gün məşqlər gedir və bu məkandan ayrılmaq istəmirsən. Əgər gimnastlarım yorulmasaydı bütün gün məşq edərdik (gülümsəyir).

4. Məşqçilərimiz haqda nələr deyə bilərsiniz?

Məşqçiləriniz və xoreoqraflarınız gənc olmalarına baxmayaraq, peşəkardırlar. Bura gəlib onlarla çalışmaq, onlardan nə isə öyrənmək şansım olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Məşqçiləriniz gimnastlara çox yaxşı davranırlar. Onlara mehriban və hörmətlə yanaşır, səslərini qaldırmırlar, burada gimnastların hüquqları qorunur. Düşünürəm ki, bu cür davranış hər bir gimnastın və onun valideyninin arzusudur. Əlbəttə, mən məşq prosesində bu mövzuya çox diqqət edirəm.

5. Öz gimnastlarınız haqda məlumat verərdiniz. Nə qədər müddətdir ki, onlarla məşğul olursunuz?

Mənimlə bərabər Bakıya gələn gimnastlar Sinqapurun gənclərdən və böyüklərdən ibarət yığma komandasıdır. Mən artıq 1 ildir ki, onlarla çalışıram. Biz hazırda Cənub-şərqi Asiya Oyunları yarışlarına hazırlaşırıq. Bu bizim üçün vacib yarış hesab olunur. Burada böyüklərdən ibarət qrup komandası və fərdi gimnastlarla iştirak edəcəyik. Bu turnirdə qalib gəlmək, mükafatçılar sırasında olmaq mənim işimin ən vacib  hissəsidir. İşimiz çətindir, lakin mümkünsüz deyildir.

6. Sinqapurda gündəlik məşqləriniz neçə saat davam edir?

Məktəb olmadığı günlər məşqlərimiz 8-9 saat çəkir, lakin uşaqlar dərsə gedəndə 6 saat məşq edə bilirik. Məhz məşqlər idmançını professional edir, buna görə də biz çox məşq edirik.

7. Sinqapurda bədii gimnastikaya maraq böyükdürmü?

Bəli, orada bədii gimnastikanı çox sevirlər və bu idman növü dövlət səviyyəsində inkişaf etdirilir. Bədii gimnastika məktəb proqramına da salınıb. Hər il aprel ayında bədii gimnastika üzrə Məktəblərarası Sinqapur Çempionatı təşkil olunur. Bu yarışda mənim gimnastlarım da çıxış edir.

8. Gələcək planlarınız haqda danışardınız.

Gələcək üçün ən vacib planım Sinqapur komandasını yarışlara yüksək səviyyədə hazırlamaqdır.