AZE

Müsahibə

Arxiv

Yığmanın baş məşqçisi gimnastların çıxışından razıdır

24 iyul, 2016

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva azərbaycanlı idmançıların çıxışından razıdır.

 “Marina Durunda bizi sevindirdi, düzdür, həmişə olduğu kimi, son anda. Təəssüf ki, bu, ənənə halını almağa başlayır. O, həmçinin Avropa Oyunlarında, Minskdəki Avropa çempionatında da belə edib. Amma ən önəmlisi odur ki, o bizi sevindirdi. O, bəzi səhvlərə yol verib, ancaq mən buna şadam, çünki həmin səhvləri Olimpiya Oyunlarında etməkdənsə, burada etmək daha yaxşıdır”, - deyə, baş məşqçi Trend-ə bildirib.

M.Vasileva, həmçinin qeyd edib ki, digər Azərbaycan gimnastı Jalə Piriyevanın da çıxışından çox razıdır:

“Jalədən son dərəcə razıyam, çünki o, çox gənc gimnastdır. Demək olar ki, bu onun böyüklər proqramında ilk ilidir və üç hərəkəti gözəl icra edərək məni çox sevindirdi. Lakin dördüncü çıxışda kiçik bir səhvə yol verdi. O, ilk dəfə dünya reytinqinə daxil olub, buna görə onu yalnız təbrik edə bilərəm”.

Azərbaycan gimnastlarının qrup çıxışlarına gəlincə, baş məşqçi qeyd edib ki, onlar ilk dəfə 18.100 xal toplayırlar: “Hesab edirəm ki, onlar bu xalı layiqincə qazanıblar. Düşünürəm ki, bu göstərici onlara kömək edəcək və özlərinə inamları artacaq. Onlara mane olan yeganə məqam liderlər arasında ola biləcəklərinə inanmamaları idi. Lakin düşünürəm ki, bugünkü qiymət onlara buna layiq olduqlarını göstərdi”.

“Trend” İnformasiya Agentliyi, 24 iyul 2016-cı il