AZE

Müsahibə

Arxiv

Azərbaycan gimnastı: Tamaşaçıların güclü dəstəyinə ümid edirik

21 iyul, 2016

“Azərbaycan gimnastları Bakıda qarşıdakı bədii gimnastika üzrə Dünya Kubokunda tamaşaçıların güclü dəstəyinə ümid edir,” – deyə Azərbaycan gimnastı Jalə Piriyeva Trend-ə deyib.

J.Piriyeva qeyd edib: "Şəxsən özümdən yaxşı çıxış gözləyirəm ki, məşqçilər və hakimlər razı qalsınlar. Əsas məqsəd finala yüksəlmək, medallar uğrunda mübarizə aparmaqdır".

Onun sözlərinə görə, doğma divarlar yaxşı çıxış etməyə kömək edir və idmançılar tamaşaçıların böyük dəstəyinə çox ümid edirlər: "Mənim ikinci evimə çevrilən Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur. Gəlin, bizə baxın, dəstək verin. Biz də öz növbəmizdə, yaxşı çıxış etməyə və tamaşaçılara və hakimlərə zövq verməyə çalışacağıq".

Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi 22-24 iyul tarixlərində Bakıda təşkil olunacaq. Yarışın ilk 2 günündə çoxnövçülük üzrə yarışlarda 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun son günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.

Yarışda ümumilikdə 17 ölkə iştirak edəcək. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq, Livan gimnastları da çıxış edəcəklər.

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında ötən mərhələlərdə 4 alət üzrə çıxışlarda ən yaxşı nəticəni göstərib ilk yeri tutmuş gimnastların və qrup hərəkətləri komandalarının xüsusi mükafatlandırma mərasimi baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasilevaya məxsus olan möhtəşəm açılış mərasimi (22 iyul), həmçinin tanınmış gimnastlarla yanaşı, Azərbaycanın gələcəyi olan gənc gimnastların iştirakı ilə ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

“Trend” İnformasiya Agentliyi, 21 iyul 2016-cı il