AZE

Müsahibə

Arxiv

Bədii gimnastlar yarışlara 8 medalla yekun vurdu

15 may, 2017

Böyük tamaşaçı izdihamı, səngiməyən alqışlar və qürurla səslənən Himn!

Məhz bu notlarla Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ilk dəfə baş tutan bədii gimnastika üzrə yarışlara yekun vuruldu.

Həyəcanla dolu final mərhələlərində Marina Durunda fərdi birincilikdə ilk qızıl medalını  halqa ilə hərəkətlərdə (17.600) qazandı. Çox keçmədi ki, Azərbaycan tamaşaçısı növbəti medal sevincini yaşadı. Təmsilçimiz Jalə Piriyeva məhz bu proqramda bürünc medal (16.050) əldə etdi. İkinci yerdə isə Özbəkistan gimnastı  Anastasiya Serdyukova  (16.450) qərarlaşdı.

Növbəti hədəf top ilə icra olunan çıxışlar idi. Bu proqramda ən yaxşı nəticəni Jalə Piriyeva göstərərək qızıl medalı (17.550) hesaba yazdırmağı bacardı. Gümüş medala Özbəkistan təmsilçisi Anastasiya (16.950), bürünc medala isə Marina Durunda (15.800) sahibləndi.

Gürzlərlə hərəkətlərə gəldikdə isə təmsilçimiz Marina Durunda gümüş medalla (16.550) kifayətlənməli oldu. 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Özbəkistan təmsilçiləri Anastasiya Serdyukova (16.900) və Sabina Taşkenbayeva (16.300) bölüşdülər. Jalə Piriyeva isə medalın bir addımlığında qərar tutdu.

Sonuncu final çıxışları lent ilə icra olundu. Ona hər zaman uğur gətirən sevimli aləti, bu dəfə Marinanı fəxri kürsünün ilk pilləsinə yüksəltdi və fərdi yarışlarda hesabımıza  3-cü qızıl medal (15.450) yazıldı. Jalə də öz yoldaşından cüzi fərqlə geri qalaraq yarışların gümüş medalına sahibləndi. 3-cü pillədə isə Özbəkistanlı Sabina Taşkenbayeva (14.950) yer aldı.

Və beləliklə, İslam Həmrəyliyi Oyunları proqramına ilk dəfə daxil edilmiş bədii gimnastika yarışlarında  Azərbaycan təmsilçiləri ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə etdilər.

Xatırladaq ki, yarışların ilk günü (12 may)  Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında da məhz qızıl medal qazanmışdılar.