AZE

Müsahibə

Arxiv

Azərbaycan batutçuları tam qüvvə ilə çıxış etməyə hazırdır

15 fevral, 2017

Azərbaycan gimnastları qarşıdakı batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tam qüvvə ilə çıxış etməyə hazırdır.

Bu sözləri Trend-ə batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri İlya Qrişunin və Oleq Piunov deyib.

“Biz çox ciddi hazırlaşmışıq, çünki uzun zamandır yarışlarımız yox idi. Son bir ay çox ağır oldu, amma hesab edirəm ki, bu yarışadək formamızın pik həddinə çatacağıq. Çox az vaxt qalıb, biz bütün gücümüzü ortaya qoyacağıq. Bizim idman növü səhvləri bağışlamır, hamının ancaq bir şansı var” - deyə, İ.Qrişunin deyib: 

O qeyd edib ki, gimnastlar əsas ümidlərini sinxron çıxışlara bəsləyir: “Bizim Oleqlə sinxron çıxışlarımız çox yaxşı alınır. Hesab edirəm ki, bizim üçün artıq fəxrü kürsü uğrunda mübarizə aparmaq vaxtı çatıb. Rəqabət yüksəkdir, amma əgər medallara can atmasaq, onda çıxış etmək nəyə lazımdır?”

O.Piunov arenada məşqlərin və yarışların yüksək səviyyəsini qeyd edib.

“Hesab edirəm ki, bu, hazırlığına və təşkilatçılığına görə ən yaxşı Dünya Kubokudur. Bakıda görülən işlərin həcmini mən başqa heç bir yarışda görməmişəm. Şərait möhtəşəmdir, hamı bizə yardım edir” - deyə, o qeyd edib. 

Gimnastlar, həmçinin sakinlərə müraciət edərək həftə sonu günlərində onları dəstək olmağa dəvət ediblər: “Biz bu həftə sonu azarkeşlərimizi arenada gözləyirik. Sizin dəstəyiniz bizə yaxşı nəticələr göstərməyə imkan verəcək”.

“Trend” İnformasiya Agentliyi, 14 fevral 2017-ci il