ENG

Subscribe to our news

Birthdays

Jabbarli Nurjan01/06/2003Jalilova Arzu04/06/2004Mirzayeva Nigar07/06/1992

About us

Azərbaycanda gimnastikanın yaranma və inkişaf tarixi ötən əsrin 40-ci illərinə təsadüf edir. Bu idman növünün qısa müddət ərzində xeyli populyarlıq qazanması tezliklə təşkilatlanmaya təkan verib və 1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası yaradılıb. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə milli federasiya Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub. Hal- hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibində dörd idman növü mövcuddur: bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinq.

2002-ci ilin 7 oktyabr tarixindən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevadır.

Federasiyanın tam adı - "Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyi, qısaldılmış adı - "AGF".

İngilis dilində Federasiyanın tam adı - "Azerbaijan Gymnastics Federation", qısaldılmış adı - "AGF".

Federasiya öz fəaliyyətində Olimpiya hərəkətinin prinsip, məqsəd və vəzifələrini qəbul edir, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə sıx qarşılıqlı fəaliyyət göstərir.

Federasiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və idman təşkilatları ilə əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, kadrların hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi məsələsində əməkdaşlıq edir.

Federasiya öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf edir və möhkəmləndirir.

Federasiya aşağıdakı vəzifələri yerinə yetirir:

  • idmanın gimnastika növlərini inkişaf etdirmək və təbliğ etmək;
  • öz səlahiyyətləri çərçivəsində idmanın gimnastika növləri üzrə milli yığma komandaları formalaşdırmaq və beynəlxalq yarışlarda iştirakını təmin etmək;
  • idmanın bu növləri üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirmək;
  • idmanın gimnastika növlərində idmançıların, məşqçilərin, bu sahədə çalışan digər mütəxəssislərin sosial müdafiəsi üçün şəraitin yaradılmasında iştirak etmək, idman veteranlarının qayğısına qalmaq;
  • beynəlxalq idman federasiyaları tərəfindən təsdiq olunmuş qaydalar nəzərə alınmaqla idmanın gimnastika növləri üzrə qaydaları işləyib hazırlamaq;
  • idmanda dopinq vasitələri və (və ya) metodlarından istifadəyə, eləcə də idmanda ayrı-seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə aparmaq;
  • müəyyən edilmiş qaydada idmanın gimnastika növlərinin respublika Vahid idman təsnifatına daxil edilməsi məqsədi ilə bu növlər üçün tələblər və normalar, həmçinin idman hakimlərinə müvafiq kateqoriyalar üzrə təsnifat tələblərini işləyib hazırlamaq.

Federasiya uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərir.

Federasiya beynəlxalq idman təşkilatlarına üzv ola, beynəlxalq idman təşkilatlarının üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilər.

Federasiyanın ali idarəetmə orqanı Ümumi Yığıncağıdır.

Ümumi Yığıncaqlar arası dövrdə Federasiyanın fəaliyyətinə İcraiyyə Komitəsi rəhbərlik edir. İcraiyyə Komitəsinin üzvləri fiziki şəxslərdən olmaqla, Ümumi Yığıncaq tərəfindən beş il müddətinə seçilir. İcraiyyə Komitəsi Ümumi Yığıncağa hesabat verir.

İcraiyyə Komitəsinin tərkibi aşağıdakılardır:

  • Federasiyanın Prezidenti - İcraiyyə Komitəsinin sədri
  • vitse-prezident - İcraiyyə Komitəsinin sədr müavini
  • İcraiyyə Komitəsinin 3 üzvü

Federasiyanın Prezidenti (İcraiyyə Komitəsinin sədri) İcraiyyə Komitəsinin iclaslarına rəhbərlik edir, Qanunvericiliklə və bu Nizamnamə ilə üzərinə düşən səlahiyyətləri həyata keçirir.