AZE

Bədii Gimnastika

Həm incəsənət, həm də idman növü olan bədii gimnastika özündə iki yarış proqramını birləşdirir: fərdi çıxışlar və qrup hərəkətləri. Hər bir qrup komandası 5 əsas və 1 ehtiyyatda olan gimnastdan ibarət olur və ehtiyyatda olan gimnast 2 hərəkətdən birində çıxış etməlidir. Bədii gimnastika sırf qadın idman növüdür və ölçüsü 13x13 metr olan xüsusi xalçada musiqi müşaiyəti ilə yerinə yetirilir.

Gimnastlar 5 alətlə çıxış edirlər: halqa, top, gürzlər, lent və iplə. Bir qayda olaraq, böyük gimnastlar iplə hərəkətlərdən başqa, digər bütün alətlərlə çıxış edirlər. Yeniyetmə gimnastlarda isə hər iki ildən bir alətlər dəyişir. Yarış zamanı fərdi proqramda çıxış edən gimnast 4 alətlə 4 hərəkəti yerinə yetirməlidir. Qrup komandası isə 2 alətlə hərəkətləri nümayiş etdirirlər: birinci 5 eyni alətlə, ikinci isə 2 fərqli alətlə (3 gimnast bir alətlə, ikisi isə digər alətlə). Bədii gimnastikada yalnız çoxnövçülük Olimpiya növü sayılır (fərdi proqramla çıxış edən gimnastlarda 4 hərəkətin nəticəsinə görə ümumi xal hesablanır, qrup komandası isə 2 hərəkətlə çıxış etməlidir)
Halqa
Top
Gürzlər
Lent
İp
Plastikdən və ya polietilendən hazırlanır. Halqanın diametri 70-90 sm olur (gimnastın boyundan asılı olaraq). Halqa birrəngli və çoxrəngli ola bilər; bir çox gimnastlar gözəllik üçün halqanı rəngli skotç ilə bəzəyirlər (çox zaman gimnastın geyiminin rənginə uyğun olaraq). Rezindən və ya rezin kimi elastik olan sintetik materialdan hazırlanır. Diametri 18-20 sm, çəkisi isə 400 qr olan top istənilən rəngdə ola bilər və bu aləti gimnastın əlində rahat tuta bilməsi vacibdir. Plastikdən və ya kauçukdan hazırlanır. Gürzlərin uzunluğu 40-50 sm olur. Hər gürzün ağırlığı 150 qramdır. Gürzlər birrəngli və sərbəst şəkildə bəzədilmiş ola bilər. Müasir gimnastlar öz gürzlərini rəngli skotçla bəzəyirlər. Son zamanlar gimnastın əlindən sürüşməməsi üçün məxməri tutacaqları olan gürzlərlə çıxış etməyə icazə verilir. Yarışlarda yalnız iki gürzlə çıxış etmək olar. Çubuqdan və lentin özündən ibarət olur. Çubuq silindrik və konus formasında olur. Əsasən orqanik şüşə və ya plastikdən (əvvəllər taxtadan) hazırlanır və uzunluğu 50-60 sm olur. Çubuq istənilən rəngdə ola bilər. Lentin özü atlas parçadan hazırlanır. Uzunluğu 6 metr (böyük gimnastlar üçün) və 5 metr (yeniyetmələr üçün) olur. Lent həm birrəngli, həm də çoxrəngli ola bilər. Çubuq və lent nazik metal karabin vasitəsi ilə birləşir. Bu cür bərkidilmə heç də etibarlı sayılmır, beləki, çıxış zamanı lentin çubuqdan qopma halları məlumdur. Buna görə də gimnastlar lenti çubuqa neylon saplarla birləşdirirlər. İpin tutacaqları olmur, lakin onun uclarının düyünlənməsinə və yandırılmasına icazə verilir. Xarici görünüşü kəndirə bənzəyən ip çətənə lifi və ya neylondan hazırlanır. Bu alətin uzunluğu gimnastın boyunun uzunluğuna proporsinal olmaq şərtilə, istənilən rəngdə ola bilər. Gimnastların çıxışı iki hakim briqadası tərəfindən qiymətləndirilir – onlardan biri çətinlik üzrə, digəri isə icra üzrə hakimlik edir. İcra üzrə xallar hesablanarkən artistizm və hərəkətlərin texnikası da nəzərə alınır.
Dünyada bədii gimnastikası

Bədii gimnastika idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb. Fransız fizioloq və pedaqoq Corc Deneni (1850-1917) qızların fiziki tərbiyəsinin elmi əsaslandırılmasında mühüm rol oynayıb. Onun həmkarı pedaqoq Fransua Delsartın (1811-1871) ifadəli hərəkət vərdişlərinin nəzəriyyəsinin hazırlanmasında əhəmiyyətli rolu var.

1961-ci ildə bədii gimnastika rəsmi olaraq Beynəlxalq Gimnastika Federasiyasının idman siyahısına daxil olub. İki il sonra Budapeştdə birinci Dünya Çempionatı keçirilib, 1984-cü ildə isə bu idman növü Olimpiya Oyunlarının proqramına daxil edilib.

Bədii gimnastika Azərbaycanda

Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Azərbaycanda bu idman növünün formalaşmasında qızlardan ibarət ilk qrupu yaradan Nadejda Merkulova böyük rol oynayıb. 1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak edib. Bu, Azərbaycan gimnastlarının dünya arenasında ilk çıxışı idi.

2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb.

Aliyə Qarayeva Birinci xanım Mehriban Əliyeva, Dinara Gimatova və Anna Qurbanova. 2007-ci ildə keçirilən Avropa Çempionatından sonra.

2003-cü ildə Azərbaycanlı gimnast Dinara Gimatova Budapeştdə keçirilən Dünya Çempionatında çıxış edərək, milli gimnastika tariximizdə ilk dəfə olaraq Afina-2004 Olimpiya Oyunlarına lisenziya qazandı. Lakin, ağır zədə Gimatovanın Olimpiyadada çıxışına mane oldu və onu bu yarışda Anna Qurbanova əvəz etdi.

Artıq, 2008-ci ildə təşkil olunan Olimpiya Oyunlarında Azərbaycan tam heyətlə - fərdi proqramda çıxış edən 2 gimnast və qrup hərəkətləri komandası ilə təmsil olundu. 2007-ci ildə Avropa Çempionatında Aliyə Qarayeva iplə çıxışına görə ölkə tarixində ilk Avropa çempionluğunu qazandı.

Azərbaycan gimnastları dəfələrlə Avropa və Dünya Çempionatlarında fərdi, qrup proqramında, həmçinin komanda hesabında medallar qazanmışlar. 2014-cü il ölkəmizdə bədii gimnastikanın inkişafında yeni mərhələ oldu. Məhz həmin il möhtəşəm Milli Gimnastika Arenasının açılışı oldu və burada bədii gimnastika üzrə növbəti Avropa Çempionatı təşkil olundu.

Avropa Çempionatının vitse-çempionları – Diana Doman, Siyana Vasilyeva, Aleksandra Platonova, Səbinə Abbasova, Aliyə Paşayeva və Aynur Mustafayeva. Hazırda Azərbaycanda Bakı ilə yanaşı Sumqayıtda, Gəncədə, Göyçayda, Qusarda, Agdaşda, Naxçıvanda, Şirvanda, Kürdəmirdə, İsmayıllıda və Xırdalanda bədii gimnastika üzrə bölmələr açılmış və uğurla fəaliyyət göstərirlər.

Digər gimnastika növləri ilə yanaşı, bədii gimnastika da Avropa Oyunları proqramına daxil edilib. Qaydalara əsasən, gimnastlar 8 dəst medal uğrunda mübarizə aparacaqlar – fərdi proqramla çıxış edən gimnastlar 5 dəst medal uğrunda (fərdi çoxnövçülük və ayrı-ayrı finallar), qrup hərəkətləri komandaları isə 3 dəst medal uğrunda mübarizə aparacaqlar – çoxnövçülük və iki ayrı kompozisiyalarda.

Maraqlı faktlar
  • Hal-hazırda bədii gimnastika üzrə Dünya və Avropa Çempionatları hər il keçirilir. 1992-ci ilə qədər Dünya Çempionatları tək illərdə (1963-cü ildən 1991-ci ilədək), Avropa Çempionatları isə cüt illərdə (1978-ci ildən 1992-ci ilədək) keçirilirdi.
  • Hətta Qədim Misir artefaktlarında gimnastikanın erkən nümunələrini tapmaq olar.