AZE

Aerobika Gimnastikası

Güclü fiziki hazırlıq tələb edən qeyri-olimpiya idman növüdür. Bu idman növü həm kişilərin, həm də qadınların fərdi, qarışıq, trio (kişilər, qadınlar, qarışıq heyət) və 5 nəfərdən ibarət olan qrup şəklində (kişilər, qadınlar, qarışıq heyət) çıxışlarını nəzərdə tutur.

Çıxış zamanı musiqi sədası altında ənənəvi aerobika hərəkətlərindən götürülmüş aramsız, kompleks şəklində və intensiv hərəkətlər edilməlidir. Gimnastlar ölçüsü 12x12 metr olan xüsusi meydançada çıxışlarını göstərirlər. Çıxışa görə ümumi qiymət artistizm, icra və çətinliyinə görə verilən xalların cəmi ilə hesablanır. Cütlüklər, trio və qrup çıxışlarında sinxronluq da qeydə alınır. Bundan əlavə, xüsusi hakimlər çıxış zamanı yol verilən müəyyən səhvlərə görə iştirakçıdan xal çıxır.
Fərdi çıxış
Trio
Qarışıq cütlük
Qrup
Dünyada Aerobika gimnastikası

Aerobika gimnastikasını 1983-cü ildə amerikalı idmançılar Xovard və Karen Şvarts yaratmışdılar. Onlar təlimlərdə iştirak etmək istəyən bir neçə şəxsi topladılar və bir müddət sonra artıq Şvarts cütlüyünə ABŞ-da gimnastikanın bu növü üzrə birinci milli çempionat keçirməyə icazə verildi.

Sonraki 10 ildə yeni idman növünün formalaşması baş verdi, müxtəlif aerobika federasiyaları və assosiyasiyaları yarandı. Yeni idman növü bir sıra gimnastları, akrobatları və digər idmançıları özünə cəlb edərək, onlara öz bacarıqlarının yeni tərəflərini nümayiş etdirmək üçün şans verdi. Aerobika gimnastikası özündə idman, akrobatika və bədii gimnastika, həmçinin rəqs elementlərini və aerobika bazasını birləşdirir. 1994-cü ilin may ayında Beynəlxalq Gimnastika Federasiyası aerobika gimnastikası üzrə komissiya yaradaraq, gimnastikanın bir növü kimi tanıdı və Beynəlxalq Olimpiya Komitəsi bunu təsdiq etdi. Bir il sonra Parisdə aerobika gimnastikası üzrə birinci Dünya Çempionatı baş tutdu. 2000-ci ildən Dünya Çempionatlarını hər iki ildən bir keçirmək qərara alındı.

Azərbaycanda aerobika gimnastikası

Azərbaycanda aerobika gimnastikası 2014-cü ilin əvvələrindən inkişaf etməyə başladı və artıq həmin ilin mayında qrup komandamız Bolqarıstanda keçirilmiş Dünya Kubokunda 3-cü yerə layiq görüldü.

2015-ci ilin fevralında Azərbaycan Gimnastika Federasiyası aerobika gimnastikası üzrə birinci Bakı çempionatını keçirdi. Bu yay aerobika gimnastikası Bakıda keçiriləcək birinci Avropa Oyunlarında təmsil olunacaq. Gimnastlar arasında 2 dəst medal oynanılacaq (qarışıq cütlüklər və qrup yarışları). Aerobika gimnastikası Avropa Oyunlarının proqramına daxil olunmuşdur. Qaydalara əsasən, gimnastlar arasında 2 dəst medal oynanılır (qarışıq cütlüklər və qrup yarışları).

Maraqlı faktlar
  • Rumıniya gimnastları dünya çempionatlarında medal sayına görə liderdir.
  • Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi altında keçirilən rəsmi yarışlarda iştirak etmək üçün böyük gimnastın 18 yaşı tamam olmalıdır
  • Bir neçə finalda çıxış edən gimnastların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə, növbəti çıxışa qədər bərpa olunmaq üçün onlara 10 dəqiqə vaxt verilir.