AZE

Akrobatika Gimnastikası

Akrobatika gimnastikası – qeyri-olimpiya idman növüdür. Bu idman növü tarazlığı qorumaq, təkanla və ya təkansız bədənin fırlanması hərəkətlərini özündə birləşdirən kompleksli fiziki hərəkətləri ifadə edir. Yarışlarda həm qadınlar həm də kişilər cütlük, qarışıq cütlük və qrup şəklində iştirak edə bilərlər (qadınlarda – 3 nəfər, kişilərdə - 4 nəfər olmaqla).

Akrobatik hərəkətlərin əsası özəlliyi – ustalıqla bədənin idarə edilməsi və əzələlərin yaxşı inkişafıdır. Bütün hərəkətlər musiqi müşaiyəti ilə ölçüsü 12x12 metr olan elastik gimnastika xalçasında yerinə yetirilir.Hərəkətlər statik vəziyyətdə dayanmaqla başlayır, xoreoqrafik kompozisiya ilə davam edir və yenə də statik vəziyyətdə duruşla yekunlaşır. Hərəkətlər 3 yerə ayrılır: balans, temp və qarışıq. Balans hərəkətləri gimnastın gücünü, balansını, elastikliyini və cəldliyini göstərməlidir. Dinamik hərəkətlər özündə tullanma, itələmə və tutma hərəkətlərini birləşdirməlidir. Qarışıq hərəkətlər həm balans həm də dinamik hərəkətlərin birləşməsini təşkil edir. Hakimlər artistizmi, çıxışın texnikasını və hərəkətlərin çətinliyini qiymətləndirilər.
Qadın cütlüyü
Kişi cütlüyü
Qadın qrupu
Qarışıq cütlük
Kişi qrupu
Akrobatika gimnastikası dünyada

Gimnastikanın qədim növlərindən olan akrobatika, idman növü kimi inkişafına XIX əsrdən başlayıb. Daha sonra XX əsrdə akrobatikada 2 cərəyan yarandı – onlardan biri bizə tanış olan sirk akrobatikasına çevrildi. İkinci cərəyan özündə piramida düzməyi və akrobatik cığırda tullanmağı birləşdirirdi. Əvvəldər ikinci cərəyan insan bədəninin effektliyini təbliğ edirdi, amma sonradan idman növünə çevrildi. SSRİ akrobatikanın müstəqil idman növünə çevrildiyi ilk ölkədir. Məhz burada yarışların qaydaları tərtib edilmiş və ilk SSRİ Çempionatı keçirilmişdir (1939-cu il). 1973-cü ildə Moskvada 10 ölkənin (Bolqarıstan, İngiltərə, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Rolşa, SSRİ, ABŞ, Almaniya Federativ Respublikası və Yuqoslaviya) iştirakı ilə Beynəlxalq İdman Akrobatika Federasiyası (BİAF) yaradılıb və yeni nizamnamə, həmçinin yeni yarış qaydaları tərtib edilmişdi. Federasiyanın birinci prezidenti Stoil Satirov (Bolqarıstan) seçilmişdir. İlk Dünya Çempionatı isə 1974-cü ildə Moskva şəhərində keçirilmişdir. 1999-cu ilin yanvar ayında Beynəlxalq Akrobatika Gimnastikası Federasiyası yarandı və Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə daxil olaraq, həmin gündən onun rəhbərliyi altında fəaliyyət göstərir. Bu idman növü üzrə Dünya və Avropa Çempionatları bir-birini növbələyir: Dünya birinciliyi cüt illərdə, Avropa Çempionatları isə tək illərdə keçirilir.

Azərbaycanda akrobatika gimnastikası

Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920-30-cu illərə təsadüf edir. 1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilib və bu yarışın proqramına ancaq kişilərin qrup halında çıxışları daxil edilib. SSRİ-də akrobatika üzrə idman ustası adına ilk dəfə Bəhram Nərimanov layiq görülmüşdür. Qardaşı Elşad ilə birlikdə Bəhram 1958-ci ildə SSRİ Həmkarlar İttifaqının Spartakiadasının mükafatçısı olmuşlar (3-cü yer), elə həmin il SSRİ Çempionatında da fərqlənmişlər (3-cü yer). 2009-cu il akrobatika gimnastikası üçün hesabat ili oldu. Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü əvvəlcə Tayvanda keçirilən Dünya Oyunlarının və Rusiyada keçirilən Dünya Kubokunun gümüş mükafatçısı oldular. Məşqçi İradə Qurbanovanın yetirmələrinin karyeralarında ən yüksək pillə isə Portuqaliyada keçirilən Avropa Çempionatında qazandıqları qızıl medal oldu. Bu idman növü bu ilin yayında Bakıda keçiriləcək Avropa Oyunları proqramına daxil edilib. Ölkəni bu yarışlarda təmsil edəcək qarışıq cütlük və qadın qrupu 6 cüt medal uğrunda mübarizə aparacaqlar.

Maraqlı faktlar
  • Akrobatika gimnastikası Olimpiya idman növü olmasa da, yalnız 1 dəfə 1932-ci ildə Olimpiya proqramına daxil edilib.
  • Akrobatika – yunan mənşəli sözdür. Acrobats sözündən yaranan bu söz “barmaq uclarında gəzmək” mənasını verir