AZE

Gimnastikanın iki fərqli növü bir arada

Gimnastikanın iki fərqli növü bir arada

1 və 2 dekabr tarixlərində ənənəvi gimnastika saatında Milli Gimnastika Arenası (MGA) öz qapılarını idman sevərlərin üzünə açacaq. Bu dəfə arenada bədii gimnastika üzrə 23-cü Bakı Çempionatı və Birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi təşkil olunacaq.

Yarışların ilk günü bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış idmançılar öz çıxışlarını nümayiş etdirəcəklər.

Daha sonra balacalar yaş kateqoriyasında (2006-2008) yer almış 8 qrup hərəkətləri komandasının alətsiz və topla əsrarəngiz çıxışlarının şahidi olacağıq.

Yarışların ikinci günü bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edəcəklər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-nin İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edəcəklər.

Turnir boyunca təqdim olunacaq fləşmoblar, müsabiqələr tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edəcək. Həmçinin, yarışın facebook səhifəsində  aktiv istifadəçilər tərəfindən paylaşılan şəkillər yarış zalında quraşdırılmış böyük monitorda görüntülənəcək. Təbii ki, bu da öz növbəsində həm tamaşaçılara, həm yarış iştirakçılarına maraqlı anlar yaşadacaq.

Yarışları CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.

Yarışlara biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai və  "28 mall" filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 3 manatdan başlayır. 

Yarışlar haqqında ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

Yarışların başlama vaxtı: 12:00

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99 

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası