AZE

BATUT GİMNASTİKASI ÜZRƏ FIG DÜNYA KUBOKU, AGF TROPHY

Mart ayının ilk həftəsində Bakıda batut gimnastikası üzrə FIG Dünya Kuboku baş tutacaq.

Yarışlar 5-6 mart tarixlərində əcnəbi gimnastların daimi təlim-məşq toplanışı məkanına çevrilmiş Milli Gimnastika Arenasında keçiriləcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur. 

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda dünyanın müxtəlif guşələrindən olan ölkələr – Avropa ilə yanaşı, həmçinin uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanın sahillərindən Amerika Birləşmiş Ştatlarını təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə yarışlarda 17 ölkəni təmsil edən 77 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. Bunlardan 46-sı kişi, 31-ri isə qadındır. 

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, İlk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda Açıq Azərbaycan Çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.      

İlk günündə təsnifatı keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.

Yarışlar vaxtı izləyicilər də diqqətdən kənar qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.

 

Yarışların kişi favoritləri:

Dmitri Uşakov (Rusiya) - Olimpiya Oyunlarının gümüş, Dünya (komanda hesabı) və Avropa Çempionatlarının (komanda hesabı, fərdi çıxış) qızıl medalçısı;

Vladislav Qonçarov  (Belarus) - Dünya Çempionatının gümüş (fərdi və sinxron çıxış) və Avropa Çempionatının qızıl  (fərdi çıxış) medalçısı;

Sebastyan Martini (Fransa) - Dünya Çempionatının ikiqat gümüş medalçısı (sinxron çıxış);

Andrey Yudin (Rusiya) - Dünya və Avropa Çempionatlarının qızıl  medalçısı (komanda hesabı);

Mixail Melnik (Rusiya) - Dünya Çempionatının qızıl (komanda hesabında) və  gümüş (sinxron çıxış) medalçısı;

Morante Allan (Fransa) - Dünya Çempionatının bürünc medalçısı (sinxron çıxış);

Bleyk Qodri (Avstraliya) - Dünya Çempionatının bürünc medalçısı (komanda hesabı);

Ti Svədlinq (Avtraliya) - Dünya Çempionatının bürünc medalçısı (komanda hesabı);

Artur Zakrevski (Polşa) - Dünya Çempionatının bürünc medalçısı (sinxron çıxış);

Lyuk Stronq (Böyük Britaniya) - Avropa Çempionatının bürünc medalçısı (fərdi çıxış);

Pedro Ribeyro (Portuqaliya) - Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısı.

Kubokun tanınmış qadın gimnastları:

Yekaterina Xılko (Özbəkistan) - Olimpiya Oyunlarının bürünc medalçısı;

Tatyana Petrenya (Belarus) - Dünya və Avropa Çempionatlarının gümüş medalçısı (sinxron çıxış);

Katerin Driskol (Böyük Britaniya) - Dünya Çempionatının qızıl medalçısı (sinxron çıxış və komanda hesabı);

Brioni Peyc (Böyük Britaniya) - Dünya Çempionatının qızıl medalçısı (komanda hesabı);

Pamela Klark (Böyük Britaniya) - Avropa Çempionatının qızıl medalçısı (komanda hesabı);

Natalya Moskvina (Ukrayna) - Dünya Çempionatının bürünc medalçısı (sinxron çıxış);

Anna Kornetskaya (Rusiya) - Dünya Çempionatının bürünc (komanda hesabı) və Bakı 2015 İlk Avropa Oyunlarının qızıl (sinxron çıxış) medalçısı;

Yana Pavlova (Rusiya) - Dünya Çempionatının bürünc medalçısı (komanda hesabı);

Rana Nakano (Yaponiya) - Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı.

 

Biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai, "28 mall" və Gənclik filiallarından əldə edə bilərsiniz.

Telefon: (+994 12/51) 566-96-99