AZE

BƏDİİ GİMNASTİKA ÜZRƏ 22-ci AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BÖLGƏLƏR ARASI KUBOK

 

BƏDİİ GİMNASTİKA ÜZRƏ 22-ci AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BÖLGƏLƏR ARASI KUBOK

Milli Gimnastika Arenası yola salacağımız ilin gimnastika üzrə sonuncu yarışına 51-ci həftəsində ev sahibliyi edəcək.

17-19 dekabr tarixlərində təxminən 160 gimnastın iştirak edəcəyi bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi keçiriləcək. Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksindən olan paytaxt idmançıları ilə yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışların ilk günü 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparacaq və alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülükdə ən güclü gimnastları müəyyən edəcəklər.

Elə həmin yaş kateqoriyasına daxil olan bədii gimnastlar yarışların ikinci günü xalçanı qrup hərəkətlərinin zərif naxışları ilə bəzəyəcəklər. Fərdi proqramda isə yarışlara 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaq. Onlar hərəkətləri ip, halqa, top və gürzlərlə nümayiş etdirəcəklər.

Turnirin sonuncu günü 19 dekabr tarixində yeniyetmələr (2000-2002; ip, halqa, top, gürzlər) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyüklər; halqa, top, gürzlər, lent) arasında qaliblər müəyyən olunacaq.

Bu tarix “balacalar”, “yeniyetmələr”, “gənclər” və "böyüklər" yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdardır. Onlar hər bir yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq regionlar arası 2-ci Kubok uğrunda mübarizə aparacaqlar.

Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, İlk Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa Çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya sahibi - Marina Durunda sevindirəcək.

Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa Çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək.

Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.

İlin sonuncu yarışı parlaq Qala-konsertlə yadda qalacaq.