AZE

İDMAN GİMNASTİKASI VƏ AKROBATİKA ÜZRƏ BİRGƏ AZƏRBAYCAN BİRİNCİLİYİ

İDMAN GİMNASTİKASI VƏ AKROBATİKA ÜZRƏ BİRGƏ AZƏRBAYCAN BİRİNCİLİYİ

Soyuq dekabr ayının ilk həftəsi gimnastika həvəskarlarını sevindirəcək. 3-5 dekabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında yaradılmış isti mühitdə idman gimnastikası və akrobatika gimnastikası üzrə Birgə Azərbaycan Birinciliyi keçiriləcək.

Birinciliyin ilk günü yarış meydançası Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu və Nizami rayonu idman məktəbini təmsil edən akrobatların ixtiyarında olacaq. Kişi və qarışıq cütlüklərin, kişi və qadın qruplarının tərkibinə daxil olan 12-18 yaşlı akrobatlar balans, temp və qarışıq hərəkətləri nümayiş etdirəcəklər. 11-16 yaş kateqoriyasına aid olan qadın qrupları və cütlükləri isə yalnız balans və temp hərəkətlərini icra edəcəklər. Turnirdə ümumilikdə 43 gimnast iştirak edəcək.

Ertəsi gün akrobatlardan sonra Olimpiya idman növü olan qadın idman gimnastikası təmsilçilərinin yarışı baş tutacaq. “Balacalar” (2003-2005), “uşaqlar” (2006-2007), “kiçiklər”  (2008-2009), həmçinin “yeni başlayanlar” (2008-2010) yaş kateqoriyasına daxil olan qızlar çoxnövçülükdə mübarizə aparacaqlar. Bakı Gimnastika Məktəbi, “Neftçi” və “Ocaq Sport” klubu öz yetirmələrini bütün turnir boyu dəstəkləyəcəklər.  

Artıq qeyd etdiymiz cəmiyyətlərdən olan azarkeşlərin sırasına təkcə Respublika Olimpiya İdman liseyinin deyil, Sumqayıt və Balakən nümayəndələri də qoşulacaqlar, çünki bu cəmiyyətlər və bölgələrdən olan oğlanlar öz çıxışlarına dekabrın 5-i başlayacaqlar. Gənclər (1998-2000), yeniyetmələr (2001-2002), balacalar (2003-2004), uşaqlar (2005-2006) və kiçiklər (2007-2008) də çoxnövçülük üzrə mükafatlandırılacaqlar.

Ümumilikdə idman gimnastikası üzrə kişilər və qadınlar arasında 62 idmançı çıxış edəcək.

Yarışların başlama vaxtı: 12:00 (hər 3 yarış günü)

Keçirilmə yeri: Milli Gimnastika Arenasının köməkçi zalı

Ünvan: Bakı şəh, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası