AZE

BATUT GİMNASTİKASI VƏ TAMBLİNQ ÜZRƏ FIG DÜNYA KUBOKU, AGF TROPHY

Yeni Olimpiya dövrünün Batut Gimnastikası üzrə ilk Dünya Kuboku Bakıda

Azərbaycan Gimnastika Federasiyası bu dəfə yarışlar mövsümünə Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ilə start verir. Belə ki, Beynəlxalq Gimnastika Federasiyasının Yeni Olimpiya dövründə Batut Gimnastikası üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçilər, iki yarış  günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaqlar. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir ki, təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları, bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir. 

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fləşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov  (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), Dünya Çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında Dünya Çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa Çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən Dünya və Avropa Çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar  öz məharətlərini nümayiş etdirəcəklər.

Turnirə biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai və  "28 mall" filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 4,6,8 və 10  manat təşkil edir.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

Yarışların başlama vaxtı: 12:00

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99 

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası